Noyabrın 28–dən 30-dək Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, onları ordu sıralarında xidmətə hazırlamaq, mənəvi-psixoloji və hərbi-fiziki hazırlığını artırmaq, şanlı Zəfər tarixini təbliğ etmək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə düşərgədə Naxçıvandan 60 gəncin iştirakı təmin olunub. Bununla yanaşı, Nazirliyin 3 əməkdaşı da gənclərlə birlikdə düşərgədə iştirak edib.
Üç günlük proqram çərçivəsində gənclər vətənpərvərlik, fiziki hazırlıq və komanda bacarıqlarının inkişafına yönəlmiş təlim, yarışma və müxtəlif fəaliyyətlərə cəlb olunublar. İlk gündə komanda bölgüsü, rəsmi açılış mərasimi, intelektual yarışlar və qazilərlə görüş təşkil edilib. Düşərgənin ikinci günündə “Əlbəyaxa döyüş”, silahlarla ilkin tanışlıq, avtomatın normativə uyğun sökülüb-yığılması, estafet qaçışları, alpinizm və hündürlükdən enmə təlimləri, topoqrafiya hazırlığı, eləcə də idman yarışı proqramları icra olunub. Üçüncü gün airsoft və pnevmatik silahla praktiki atışlar, səmti müəyyənetmə yarışı keçirilib. İştirakçılara sertifikat təqdim olunub. Sonda gənclərin iştirakı ilə bağlanış mərasimi və konsert proqramı təşkil olunub.